
İnsan Resursları mütəxəssisləri işə qəbul prosesində işəgötürənlərin görə bilmədiklərini etdikləri analizlər nəticəsində aydınlaşdıraraq ixtisaslı kadrları seçmək, onları ən uyğun olduğu vəzifəyə təyin etmək, müəssisələrin ümumi iş prinsiplərini nəzərə alaraq istedadlı insanların tapılması, əldə tutulması kimi bir çox məsələlərdə mühüm rol oynayırlar.
Şirkətlərdə İşə qəbul prosesində müsahibə işəgötürən və işçi üçün olduqca önəmlidir. Bütün dünyada ən önəmli sosial problem işsizlikdir. İşsizlik nəticəsində iş axtaran insanların işə qəbul zamanı müsahibələrdə müxtəlif problemlərlə qarşılaşmalarına baxmayaraq, işə qəbul olunmama narahatlığı ilə bu mövzuda reaksiya verməyə cəsarət edə bilmirlər. Ehtiyaclar qarşısında olan məcburiyyətdən dolayı nə iş olsa görərəm məntiqi ilə iş həyatına atılırlar.
Doğru işə doğru insanı təyin etmək çox önəmlidir. İlk öncə boş olan işin profili və o iş üçün vacib meyarlar aydınlaşdırılmalıdır. Yəni o iş üçün tələb olun yaş, cins, təcrübə, təhsil və biliklər müəyyənləşdirilməlidir. Tələb olunandan zəif bilik və bacarıqlara sahib olan kadrın işə qəbul edilməsi qədər, müəyyənləşdirilən tələblərin üzərində olan kadrın işə qəbul edilməsi də müəssisədə oxşar problemlər yarada bilər. İşə qəbul edilən işçilərin mütləq şəkildə mükəmməl olması vacib deyil. Önəmli olan namizədin təcrübə, bilik və bacarıqlarının iş profili ilə üst-üstə düşüb-düşməməsidir. Bir idarədə tez-tez işə qəbul, işdən çıxış hallarının baş verməsi orada İnsan Resursları bölməsində işlərin yaxşı getməməsinə işarədir. İş-insan uyğunsuzluğu zəif məhsuldarlıq, iş qəzaları, maliyyə itkisi, görülən işdə keyfiyyət problemləri və motivasiyanın aşağı düşməsi kimi bir çox şeylərə səbəb ola bilər. Bu zaman müəssisənin yeni işçi axtarması, işdən çıxan işçinin də yeni iş axtarmağa başlaması hər iki tərəf üçün maddi və mənəvi çətinliklər yaşadır.
İşəgötürənlər boş olan pozisiyaya həmin sahədə ən uyğun namizədi tapıb yerləşdirməyə çalışarkən, işçilər də tez bir zamanda hədəflərində olan karyera və maliyyə gücünə sahib olmaq istəyirlər. İşə götürüləcək hər insanın şirkətinizə bağlılığı, sadiqliyi və inkişaf baxımından şirkətinizi sahiblənmələri və öz iş yerləri kimi görmələri vacibdir. Çünki bu insanlar şirkətinizi idarə edəcək, şirkətinizə yeni dəyərlər və potensiallar qatacaq insanlar olacaqlar.
Şirkətlər sadəcə sərmaye ilə qurulmaz, sərmaye qurulmanın bir mərhələsidir. Hər hansı istehsalı həyata keçirmək və məhsuldarlığı artırmaq üçün ən dəyərli qaynağımız insan gücüdür. Qurumlarda İnsan Resurslarının məqsədi tələb olunan vəzifəyə ən uyğun namizədi tapmaq və namizədləri axtardıqları ən uyğun işə təyin etməkdir.
Əgər işə doğru insanı qəbul etmək istəyiriksə, necə bir namizəd axtardığımızdan tam əmin olmalıyıq. İşi ən yaxşı görə biləcək namizədin təhsil və iş təcrübəsi qədər önəmli olan çalışma həvəsi, bacarıqları, düşüncə tərzi, xarakteristik cəhətləri də o insanın doğru namizəd olub-olmadığını göstərir. Namizədin çalışqanlığı və nəticə əldə etmə əzmi işə qəbulda ən vacib ünsürlərdən biridir. İşə qəbul edəcəyiniz insanın “karyerasına olan bağlılığı, peşəsində sabit duruşu və peşəsinə olan sevgisi” çox önəmlidir. Tez-tez iş dəyişdirmək günümüzün ən təməl mövzularından biridir. Bu hal böyüməkdə olan və korporativliyə doğru addımlayan müəssisələrə ciddi təsir göstərir.
İnsan Resurslarında işə qəbul prosesində nəzər yetirdiyimiz kimi diqqətə alınmalı bir-birindən mühüm olan məsələlər var. Həmin mühüm detallar işəgötürənlər tərəfdən vacib olduğu kimi namizədin inkişafı baxımından da vacibdir. Bu məsələlər ciddi qəbul edilən zaman hər iki tərəf də məmnunluq hissi yaşayır və həm işəgötürən, həm də namizəd üçün uğurlu nəticələr əldə edilir.
İnsan Resursları sahəsində çalışanlar gələcəkdə ola biləcəkləri nəzərə alaraq, işçi ilə bağlı olan məsələləri göz ardı etməməlidirlər. Doğru qərarları qısa zaman ərzində analiz edərək “Doğru işə doğru insan” təyin etmək ən vacib şərtdir.
İnsana verilən dəyər, iş gücünə verilən dəyərdir.