
Hal-hazırki dövrümüzdə müəssisələrin fəaliyyət göstərdikləri sahəyə aid olan proseslərdən əlavə şirkətdəki strategiyanın düzgün qurulmasına və inkişafına birbaşa təsir göstərən ən önəmli mərhələlərindən biri İnsan Resurslarının əsas funksiyası olan İşə qəbuldur. Tələb olunan pozisiya üçün doğru insanın, doğru zamanda doğru addımları izləyərək vəzifəyə təyin edilməsi, şirkətin uğuruna və şirkətin imicinə mühüm təsiri olan prosesdir. İndiki dövrdə İnsan Resurslarına aid olan metodlar, dəyərləndirmə sistemləri və səriştə əsaslı işə qəbul texnikalarının əvvəlki dövrlərə nisbətən daha professional şəkildə tətbiq edilməsinə baxmayaraq, yenə də bu sahədə müəyyən yanlışların olması aşkardır. Halbuki, işə qəbul prosesində atılan düzgün və ya səhv qərar şirkətin uğuruna birbaşa öz təsirini göstərir, rəqabətdə irəli getməyə və ya geridə qalmağa səbəb olur. Bu məqaləmdə əslində bu proses zamanı nələri etmək olar, nələri etmək olmaz onları qələmə almışam.
İşə qəbul prosesi zamanı plansız hərəkət etmək – Əslində işə qəbulun ilkin mərhələsi olaraq, müəssisənin ehtiyacı, uzun müddətli planları da nəzərə alınaraq hər şey dəqiq müəyyən edilməlidir. Bu pozisiyaya həqiqətən ehtiyac olub-olmaması, şirkətin bu pozisiya üçün daxili resurslarından istifadə edib-edə bilməməsi prosesin əvvəlində müzakirə olunmalı və qərar verilməli olan önəmli hissələrdir. Daha sonra isə vəzifə təlimatı və həmin vəzifəyə tələb olunan bilik, bacarıqlar müəyyənləşdirilməlidir, çünki, artıq şirkətlər işçini işə qəbul edib sahib olduğu bacarıq və keyfiyyətləri dəyişdirərək inkişaf etdirməyə çalışmağın nə qədər çətin olduğunu anlayırlar. Həmçinin, müəyyən olunan bilik və bacarıqların işə qəbul prosesində və müsahibələrdə namizədə verilən suallarla aydınlaşdırılması vacibdir.
Ciddi müsahibələr – Edilən yanlışlardan biri də müsahibə zamanı çox ciddi və sərt olmaqdır. Halbuki, müsahibənin və dəyərləndirilmənin səbəb olduğu həyacanı yaşayan namizədlə empatiya quraraq, gülər üzlə qarşılayaraq, xoş bir başlanğıc söhbəti edərək ondan daha düzgün məlumatları əldə etmək mümkündür.
Müsahibə zamanı verilən yanlış suallar – Şirkətlər zaman keçdikcə səriştə əsaslı işə qəbul texnikalarından daha çox istifadə edirlər. Yəni namizədlərə “bəli, xeyr” deyə cavablandıracağı, elə də düşündürücü olmayan sualların yerinə namizədin keçmiş iş təcrübələri və ya fərqli problemlər qarşısında göstərdiyi davranış tərzini müəyyən edən suallar verərək bilik, bacarıqları və pozisiyaya uyğunluğu müəyyən edilməlidir. Məsələn, komandada işləmək bacarığını müəyyən etmək üçün “İş həyatınızda iş yoldaşlarınızdan biri ilə uyğunlaşmadığınız bir halı deyə bilərsinizmi? Problem nə idi? Siz bu vəziyyət qarşısında nə etdiniz?” suallarını vermək olar. Beləliklə, konkret baş verən hadisələrə göstərilən davranış tərzinin nəticəsində namizədin performansı ilə bağlı müəyyən fikrə gəlmək olar.
Müsahibəyə az zaman sərf etmək – Müsahibəyə kifayət qədər vaxt ayırmaq, namizədi qısa zaman ərzində dəyərləndirməmək çox önəmlidir.
İşə qəbul prosesinin ləngiməsi – Prosesin ləngiməsi aylarca uzanması şirkətlərin çox vaxt namizədləri itirməsinə səbəb olur.Bu səbəbdən də işə qəbul prosesində namizədləri dəfələrlə müsahibəyə dəvət edib, prosesi uzatmaqdansa, bu mərhələni çox dəqiq planlaşdırıb zamanı düzgün idarə edərək sürətli hərəkət etmək və qərar vermək lazımdır.
Daxili namizədlərə diqqətsiz olmaq – Şirkət daxilindəki namizədlərə daha da diqqətli olmaq lazımdır. Bəzən axtardığımız pozisiya üçün ən doğru namizəd elə komandamızda ola bilər. Təssüf ki, bəzən qurumlar çox vaxt daxildəki potensial namizədə əhəmiyyət vermir, birbaşa işçi axtarışını elan edir.
Vəzifə tələblərini düzgün izah etməmək – Namizədi yola gətirmək məqsədi ilə şirkət, vəzifəylə bağlı yanlış məlumatlar verərək onun fikirlərinə müsbət təsir göstərə bilər, lakin sonrasında daha ciddi problemlərə səbəb ola bilər. Bu səbəbdən müsahibələrin ilk dəqiqəsindən etibarən namizədə şirkət və pozisiya haqqında dəqiq və obyektiv şəkildə məlumat verilməlidir.
Namizədlərə geri dönüş etməmək – Namizədlərin işə qəbul proseslərində rastlaşdıqları hadisələr onlara seçim etməkdə, şirkət haqqındakı fikirlərinə pozitiv və ya neqativ şəkildə öz təsirini göstərir. Ona görə də, namizədlə düzgün ünsiyyət qurmaq, müsahibənin nəticəsi ilə bağlı qısa müddətdə geri dönüş etmək çox önəmlidir.