Sosial zəka nədir?

Çoxlarımıza məlumdur ki, insanlar öyrənmə üsullarına görə 3 ümumi kateqoriyaya bölünür: vizuallar, audiallar və kinestetiklər.  Adlarını qeyd etdiyim bu üç ümumi kateqoriyadan başqa insan potensialı ilə birbaşa əlaqəli olan bir çox nəzəriyyə və yanaşmalar yaradılmışdır. Bunlardan biri Harvard Universitetinin təhsil üzrə professoru Doktor Hovard Qardner tərəfindən irəli sürülmüş çoxşaxəli  intellekt nəzəriyyəsidir. Qardnerin ilkin olaraq psixologiya, daha sonralar isə insan idrakı sahəsində apardığı tədqiqatlar nəticəsində intellektin müxtəlif növləri müəyyən edilmişdir. Müəyyən edilmiş intellekt növləri fərdin müxtəlif qabiliyyətlərinin və onun zəkası ilə əlaqəli olan bacarıqlarının hansı şəkildə təzahür edilməsini müəyyənləşdirir.

Linqvistik intellekt

Məntiqi-riyaziyyat intellekti

Musiqi intellekti

Ekzistensial intellekt

Cismani-kinestetik intellekt

Fərdlərarası intellekt (sosial intellekt)

Vizual məkan intellekti

İnterindividual intellekt

Adları qeyd olunan zəka növlərindən biri olan sosial zəka (SQ) insanlarla uğurlu ünsiyyət qura bilmək bacarığıdır. Hətta sosial zəkası yüksək olan insanlara “insan sərrafı” da deyirlər.

Zəka və ya hazırki dövrümüzdə çox tez-tez rastlaşdığımız “IQ” əslində anadangəlmə olan bir özəllikdir. Lakin sosial zəka isə sonradan öyrənilərək qazanıla bilər, yəni inkişaf etdirilməsi mümkün olan zəka növüdür. Həmçinin sosial zəkası yüksək olan insanlar ətrafdakı insanlarla daha uyumlu olurlar və ünsiyyəti idarəetmə qabiliyyətləri güclüdür, başqa cür desək sosial zəka insanların hiss və duyğularını, ruh hallarını, düşüncələrini doğru anlamaq, analiz etmək, dəyərləndirmək və eyni zamanda insanları idarə edə bilmək olaraq da adlandırılır.

Sosial zəka haqqında aparılan araşdırmalar 1920-ci illərə təsadüf edir. Edward Thorndike digər insanlarla necə asan ünsiyyət qurmaqla bağlı araşdırmalar aparmışdır. Bu araşdırmasını “insan münasibətlərində ağıllı davranmaq, kişi və qadınları tanımaq, idarə etmək” olaraq adlandırmışdır. Sosial zəkaya fərdlərin doğulduqdan sonra zamanla əldə edəcəyi, öyrənəcəyi müxtəlif bacarıqlar daxildir.

Sosial zəkanın inkişafında xüsusi faydası olan tədqiqatçı Daniel Goleman məşhur “Emosional zəka” kitabının müəllifidir. Daniel Goleman-ın fikrincə, beyinlərimiz digər beyinlərlə ünsiyyət qura bilmək üçün yaradılmışdır. Sosial zəka və Emosional zəka bir-birilə sıx əlaqəsi olan anlayışdır.

Sosial zəkanın digər adı isə fərdlərarası zəkadır. Fərdlərarası zəkası ön planda olan fərdlər insanları anlama, hiss etmə, onlarla düzgün ünsiyyət qurmaqdan savayı qarşısındakının psixiloji vəziyyətini müəyyən etməklə bağlı da digər insanlarla müqayisədə daha uğurludurlar. Sosial zəkası yüksək olan fərdlər sosial mühitdə çevrələri arasında adətən liderlik xüsusiyyətləri ilə seçilirlər. Ünsiyyət qurmaq, empati qurmaq, qarşısındakının psixoloji vəziyyətinə uyğunda davranmaq kimi mövzularda daha peşəkardırlar. Fərdlərarası zəkanın təkbaşına inkişaf etdirilməsi sağlam ünsiyyət üçün kifayət deyil. Bu səbəbdən sosial zəka digər zəka növləri ilə qarşılıqlı şəkildə inkişaf etdirilməlidir, çünki nəticə etibarilə insan yalnız bir zəka növünə sahib deyil. İnsan var olan zəka növlərinin əksəriyyətinə sahib olur, lakin bəzilərinə az, bəzilərinə çox. Elə bu məqamda çoxları Sosial zəka ilə Emosional zəkanı fərqləndirməkdə çətinlik çəkirlər. Sosial zəka ilə Emosional zəkanın əsas fərqi, sosial zəka əsasən insanlarla anlaşma və qarşılıqlı təsir etmək qabiliyyətidir, emosional zəka isə insanın özünün və digərlərinin hisslərini tanıma qabiliyyətidir. Emosional zəka özünün və başqalarının hisslərini müəyyənləşdirmək və idarə etmək yolu ilə əldə edilir, həmçinin hazırki vəziyyətlə bağlı qərar vermək üçün emosional zəkadan istifadə olunur. Sosial və emosional zəka bir işin uğurlu olması üçün liderlik bacarıqlarında çox vacibdir. Sosial zəka gələcək üçün qərar verməyə kömək edir. Məsələn, karyeramızı inkişaf etdirmək üçün bilik və təcrübəmizdən istifadə edirik, başqa sözlə sosial zəka yaşamağımızda və həyatımızda uğur qazanmaqda çox mühüm rol oynayır. İnsan zaman keçdikcə həyat təcrübəsini qazanır, fərqli şəxsiyyətləri tanıyır və dərk edir, müəyyən uğur və uğursuzluqlardan nəticə çıxarır. Emosional zəka zəif olan zaman və ya inkişaf etdirilməməsi səbəbindən fərdin sosial zəkasında müəyyən uyğunsuzluqlar yaranır. Emosional zəkanızı dəstəkləyin. Emosional zəkası yüksək olan fərd ictimai münasibətlərdə qəzəb, məyusluq, nifrət kimi neqativ duyğuları tanıyır və onlara nəzarət edə bilir. Sosial zəkası yüksək insanlar çox nadir hallarda hisslərə qapılıb depressiyaya düşürlər. Sosial zəka bu önəmli tərəfi ilə insan xoşbəxtliyini daha da artırıcı xarakter daşıyır.

Aparılan araşdırmalar göstərir ki, uğuru sadəcə akademik zəka müəyyənləşdirmir. Buna paralel olaraq həyatda daha usta yaşamağın yolu sosial və emosional zəkanı gücləndirməkdən keçir. Araşdırmalar nəticəsində ən zəkalı insanların ən uğurlu insanlar olmadığı kimi, ən xoşbəxt insanlar da olmadığı müəyyənləşmişdir. Hətta ən zəngin insanlar da ən zəkalı insanlar deyil. Akademik zəka ilə bərabər sosial və emosional zəkası inkişaf etmiş, yüksək olan fərdlər daha xoşbəxt, daha uğurlu və daha zəngin olduğu aşkar edilmişdir.

Sosial zəka səviyyəsini ölçmək üçün bəlli test vardır. Akademik zəkanı ölçmək mümkün olduğu kimi sosial zəkanı da ölçmək olar. Sosial zəkanı qiymətləndirmək üçün olan test 1928-ci ilin iyununda George Washington Universitetinin psixoloqu Dr. Telma Hant tərəfindən hazırlanmışdır. İlkin olaraq insanın başqaları və ictimai münasibətlərlə əlaqəsi bir qabiliyyət ölçüsü olaraq təklif edilmişdir. Test insan davranışını, sosial vəziyyət qiymətləndirmələrini, ad və üz yaddaşını, üz ifadələrindən ağıl nəzəriyyəsini müşahidə etməyə əsaslanan müxtəlif sosial qabiliyyətləri qiymətləndirmək üçün hazırlanmışdır.

Sosial zəkanın yüksək olduğunu nələrdən bilmək olar?

Axıcı nitq, mülayim danışıq tərzi və natiqlik qabiliyyəti ilə bir çox fərqli insanla rahatlıqla ünsiyyət qura bilirlər.

Sosial qaydalara adaptasiya ola bilmək qabiliyyəti ilə fərqli sosial rollarda necə davranmalı olduqlarını bilirlər. İnsanlarla ünsiyyət qurarkən nələri diqqət etməli olduqlarının fərqindədirlər.

Dinləmə qabiliyyəti – Sosial zəkası yüksək olan insanların mükəmməl dinləmə qabiliyyətləri olur. Onlarla ünsiyyətdə olan insanlar özlərini güvəndə və pozitiv hiss edirlər.

Ətrafdakılara pozitiv enerji ötürürlər. Liderlik qabiliyyətləri yüksəkdir.

Yüksək empati qurmaq qabiliyyəti ilə özlərini digər insanların yerinə qoyub mübahisəli məsələlərin asanlıqla həlli yolunu tapırlar.

Cəmiyyət içərisində daima istənilən və ehtiyac duyulan insanlarlar olurlar.

Olduqları mühitdə mühiti ələ ala bilmək potensialları ilə liderlik cəhətlərini ön plana çıxarırlar.

Səmimi davranmaları ilə insanların güvənini asanlıqla qazanırlar.

Başqa insanların ehtiyac və istəklərini tez hiss edə bilirlər.

Komandada çalışmaq bacarıqları ilə daha böyük uğurlara imza atırlar.

İş həyatında mövcud potensial riskləri anlayır və riskli periodu uğurla idarə edirlər.

Bəzi insanlar gəldikləri yeri məmnun edərlər, bəzi insanlar getdikləri yeri.

Oscar Wilde

Sosial zəkası yüksək olan insanlara uyğun peşələrdən bəziləri:

Mediya işçiləri

Rəhbər, idarəçi vəzifələr

Müştəri xidmətləri

Təlimçilər

Satış personalı

Hüquq sahəsi peşələri

İnsan Resursları peşəkarları

Danışman

Psixoloq və s.

Sosial zəka və uşaqlıq dövrü

Sosial zəkanın böyük bir qisminin sonradan yarandığını qeyd etmişdim. Doğulduğu andan etibarən fərdlər ətraf aləmi nəzərdən keçirir və sosial cəhətdən baş verənləri kəşf edir. Ana dilini uşaqlar ətrafdan eşidərək öyrənirlər. Sosial zəka üçün nəzər yetirmək və dinləmək ən önəmlisidir. İnsanlar uşaqlıqdan etibarən ətraflarındakı ünsiyyət modellərini mənimsəyirlər. İnsanların çəkingən, utancaq və ya sosial fobiya olmalarında bioloji faktorların önəmli rolu var. Eyni zamanda şiddət və problemlerin üstünlük təşkil etdiyi mühitdə böyüməyə məruz qalanlar daha özünə qapalı və ətraf aləmə, ictimaiyyətə yaxşı hisslər bəsləməyən fərdlərə çevrilirlər. Önəmli olan fərdin özünün fərqinə varması və özünə dəyər verməsidir.

Son olaraq sosial zəkasını inkişaf etdirmək istəyənlərə onu deyə bilərəm ki, aktiv dinləyici olmağa çalışın. Aktiv dinləmə məşqlərini edərək sosial zəkanızı inkişaf etdirməyiniz mümkündür. Qarşılıqlı ünsiyyət qurarkən həmin an cavab vermək yerinə qarşınızdakının nə demək istəyini anlamaq üçün zaman ayırın. Həyatınızdakı önəmli insanları gözardı etməyin. Sosial zəkası güclü insanlar onlar üçün önəmli olan insanlarla dərin münasibətlər qurarlar. Ətrafınızda sizə dəyərli olan insanların fikir, duyğu və düşüncələrinə diqqət edin. Həyatınızı xoş ünsiyyətlə daha da gözəlləşdirin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma